Azərbaycan teatrının 140 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir

 

İyunun 25-də Heydər Əliyev Sarayında Azərbaycan teatrının 140 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.

 Tədbir Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" 2013-cü il 1 mart tarixli sərəncamına əsasən, Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı çərçivəsində reallaşmışdır.

AzərTAc xəbər verir ki, mərasimdən əvvəl tədbir iştirakçıları sarayın foyesində Azərbaycan teatrının tarixi inkişafını əks etdirən fotolardan, səhnə kostyumlarından və kitablardan ibarət sərgilərlə tanış olmuşlar.

Mərasimdə Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev Azərbaycan teatrının tarixi inkişaf yolundan danışmışdır. Bildirmişdir ki, 1873-cü ildə ölkəmizdə milli teatrın yaranması, onun daxilində və hüdudlarından kənarda göstərilən tamaşalarla təkcə Azərbaycanda deyil, bütövlükdə Şərqdə ilk peşəkar teatrın əsası qoyulmuşdur. Həmçinin 1873-cü ilə qədər artıq teatrın mükəmməl estetik mündəricatı - milli dramaturgiya mövcud olmuş,  Mirzə Fətəli Axundzadə ölməz komediyaları ilə islam dünyasında bu janrın əsasını qoymuşdur.

Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Hacıağa Abbasov, Mirmahmud Kazımovski, Hüseynqulu Sarabski, Səməd Mənsur, Mirzəağa Əliyev, Şövkət Məmmədova, Fatma Muxtarova, Mərziyyə Davudova, Sidqi Ruhulla, Əzizə və Sona Hacıyevalar, Ağasadıq Gəraybəyli, Mövsüm Sənani, Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Ülvi Rəcəb, Mustafa Mərdanov, Rüstəm Mustafayev, İsmayıl Osmanlı və başqa görkəmli teatr xadimlərinin fəaliyyəti sayəsində Azərbaycan teatrı bir-biri ilə üzvi vəhdətdə olan iki xətt üzrə - Avroparus klassiklərinin və Azərbaycan dramaturqlarının əsərləri əsasında inkişaf etmişdir.

Bu iki istiqamət Azərbaycan teatrında milli ilə bəşəriliyin, Şərq mentaliteti, sənət spesifikası ilə Avropa teatr ənənələrinin vəhdətini yaratmışdır. Bu vəhdət isə Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamış, onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Belə bir xarakterik xüsusiyyət nəticəsində Cavid teatrı, Cabbarlı teatrı, sonrakı dövrlərdə S.Vurğun teatrı, İ.Əfəndiyev teatrı kimi estetik anlayışlar artıq yalnız bu sahənin deyil, ümumən Azərbaycan mədəniyyətinin mühüm hadisələri olmuşdur.

Məlumdur ki, yaradıcılığın təbiətində fərdilik vardır. Yəni yazıçı, bəstəkar, rəssam və başqaları əsər yazanda özlərini ifadə edirlər. Kollektiv sənət olan teatrın inkişafı isə eyni zamanda ədəbiyyatın, musiqinin, vokal sənətinin, rəngkarlığın, nitq mədəniyyətinin, rəqsin, fərdi aktyorluqrejissorluq sənətinin, sənətşünaslığın inkişafı deməkdir. Avropa operasının yüzilliklər boyu keçdiyi keşməkeşli yaradıcılıq yolunu Azərbaycan teatrı bütün Şərqdə ilk dəfə olaraq Üzeyir Hacıbəylinin yaradıcılığının timsalında "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər qısa bir müddətdə qət etmişdir. Üzeyir bəy bütün Şərqdə ilk dəfə olaraq "Arşın mal alan", "O olmasın, bu olsun" kimi klassik operettalar yazaraq onları Azərbaycan teatrının səhnəsinə gətirib çıxarmışdır. Dahi bəstəkar öz istedadı ilə Mirzə Fətəli kimi Azərbaycan mədəniyyətinə o vaxtadək tanımadığımız bir janrı - operettanı gətirərək, onu mədəniyyətimizin məhz milli faktoruna çevirmişdir.

 Teatrımızın səhnəsində canlandırılan Məşədi İbad, Qoçu Əsgər, İntelligent Həsən, Hambal, Qəzetçi Rza bəy Molla Nəsrəddin və  Bəhlul danəndə kimi Azərbaycan xalqının milli-ənənəvi qəhrəmanlarına çevrilmişlər. Bu operettalarda səslənən "Heç hənanın yeridir?", "Bəs mənim bir abbasım necə oldu?",  "Mən nə qədər qoca olsam da, dəyərəm yüz cavana", "Gəlin gətirəndə baxmazlar ki, bu oğlandır, ya qız?" və s. ifadələr qısa müddətdə səhnənin hüdudlarından çıxaraq, atalar sözləri səviyyəsində xalqın gündəlik həyatına, məişətinə daxil olmuşdur.

Azərbaycan teatrı qısa bir zamanda Şekspiri tamaşaçılara  o qədər sevdirə bilmişdir ki, bu sevginin nəticəsi olaraq xalq öz övladlarına onun qəhrəmanlarının adlarını qoymuşdur.

Baş nazirin müavini Elçin Əfəndiyev 1919-cu ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə -  bütün Şərqdə, islam dünyasında ilk dəfə olaraq Dövlət teatrının yaradılması haqqında sərəncam imzalanmasını  Azərbaycan tarixinin çox əlamətdar bir faktı kimi diqqətə çatdırmışdır.

Azərbaycan teatrının sovet dövründə inkişaf xüsusiyyətlərindən, tanınmış aktyor və rejissorların səhnəyə gətirdikləri yeniliklərdən məlumat verən natiq onu da diqqətə çatdırmışdır ki, bu gün Azərbaycan qaçqın teatrlarının, o cümlədən İrəvan, Şuşa, Füzuli teatrlarının fəaliyyət göstərdiyi yeganə ölkədir. Əlbəttə, bu da erməni təcavüzünün nəticəsi olan bir sənət tragediyasıdır. Ancaq, eyni zamanda, həmin tragediyanın arxasında bu teatr kollektivlərinin nə qədər böyük fədakarlığı, sənət eşqi dayanır. Bütün maddi və mənəvi əzab-əziyyətlərə baxmayaraq, bu sənət adamları teatrda bir yerdədirlər, səhnə ilə yaşayırlar.

Baş nazirin müavini Elçin Əfəndiyev bildirmişdir ki, bu gün Azərbaycan teatrı özünün  yeni inkişaf mərhələsini yaşayır. Bu prosesin özü bir stimul rolunu oynayaraq teatrımıza, teatrşünaslığımıza yeni həvəs, yeni ehtiras gətirəcəkdir.

Azərbaycan teatrının tarixi mərhələlərindən danışan Baş nazirin müavini ümummilli lider Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik dövründə teatrın inkişafına böyük diqqət və qayğı göstərdiyini diqqətə çatdırmışdır. Xatırlatmışdır ki, 40 il bundan əvvəl teatrımızın 100 illiyinə həsr olunmuş yubiley tədbirində o zaman respublikamıza rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev Azərbaycan teatrının təşəkkül tapması, formalaşması, inkişafı haqqında parlaq məruzə ilə çıxış etmişdir. Respublikanın birinci katibinin - əsas rəhbərinin belə bir mövzuda şəxsən çıxışı bütün Sovet İttifaqında görünməmiş hadisə olmuşdur.

Elçin Əfəndiyev vurğulamışdır ki, teatra belə bir ehtiram ənənəsi bu gündavaminkişaf etdirilir. Mədəniyyətin, teatrın inkişafı, o cümlədən dünya teatrına inteqrasiya Azərbaycan dövlətinin daxili siyasətində ən prioritet istiqamətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə son illərdə ölkəmizin nə qədər teatr binaları yenidən təmir olunmuş, yeni binalar tikilmiş, maddi-texniki vasitələrlə təmin olunmuşdur. Bu gün neçə-neçə teatr xadimlərimiz Prezident təqaüdü alırlar. Bütün bunlar, şübhəsiz ki, Azərbaycan teatrının daha da inkişaf etdirilməsinə münbit zəmin yaradır.

Baş nazirin müavini Azərbaycan teatrının 140 illiyi münasibətilə hamını, o cümlədən teatr xadimlərini, işçilərini, bu  sahə ilə məşğul olan hər kəsi ürəkdən təbrik etmişdir.

Yubiley mərasimində Azərbaycan teatrının inkişaf tarixini əks etdirən, eləcə də müxtəlif tamaşalardan səhnələr nümayiş etdirilmişdir. Ümummilli lider Heydər Əliyevin sovet dövründə və müstəqillik illərində Azərbaycan teatrı ilə bağlı çıxışlarından, Azərbaycan teatrının 125 illiyinə həsr edilmiş tədbirdən videokadrlar göstərilmişdir. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin teatra göstərdiyi diqqət və qayğını əks etdirən videokadrlar da nümayiş olunmuşdur.

Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin "Azərbaycan Respublikası teatr xadimlərinin təltif edilməsi haqqında", Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında" 2013-cü il 25 iyun tarixli sərəncamlarını oxumuşdur (sərəncamlar qəzetin bugünkü nömrəsində dərc olunur).

 

Azərbaycan.-2013.- 26 iyun.- S.9.